Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi qeyri-formal məşğulluqla mübarizə tədbirlərini davam etdirir
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi fəaliyyətə başladığı tarixdən etibarən tikinti obyektlərində əmək münasibətlərinin vəziyyətinin araşdırılması məqsədilə 380 səyyar yoxlama həyata keçirib.
Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Asan Xidmət-dən məlumat verilib.
Bildirilib ki, bu monitorinqlər çərçivəsində ümumilikdə 13 291 nəfər yoxlanılıb və onlardan 1 677 nəfərin əmək müqaviləsi olmadan işə cəlb edildiyi müəyyən olunub. Yoxlanılmış işçilərin 555 hüquqi və fiziki şəxsi təmsil etdiyi aşkar edilib.
Monitorinqlər zamanı əmək və ya xidməti müqavilə olmadan 10 nəfərdən az işçinin cəlb olunması ilə bağlı 238 işəgötürən, 10 və daha çox işçinin cəlb olunması ilə bağlı isə 51 işəgötürən üzrə pozuntu halları qeydə alınıb. Aşkar edilmiş pozuntular üzrə ümumilikdə 2,526,700 manat məbləğində cərimə və maliyyə sanksiyaları tətbiq edilib.