2026-cı ildə tam orta təhsil bazası üzrə qabiliyyət imtahanlarında iştirak etmək üçün qeydiyyatdan keçən abituriyentlərin sayı ötən illə müqayisədə əhəmiyyətli dərəcədə artıb.
Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə məlumat Dövlət İmtahan Mərkəzinin orta ixtisas təhsil müəssisələrinə qəbul olmaq üçün keçirilən qabiliyyət imtahanları haqqında statistikasında əks olunub.
Statistikaya görə, qeydiyyatdan keçənlərin sayı 2025-ci ildəki 2 396 nəfərdən 2026-cı ildə 3 332 nəfərə yüksəlib. Bu, 936 nəfər və ya 39 faiz artım deməkdir.
Eyni zamanda, imtahanda müsbət nəticə göstərənlərin qeydiyyatdan keçənlərə nisbəti də yüksəlib. Uğur faizi 2025-ci ildə 34,52 faiz olduğu halda, 2026-cı ildə 41,1 faizə çatıb. Bu göstəricilər müraciət edən abituriyentlərin sayındakı artımın keyfiyyət göstəricilərində də öz əksini tapdığını göstərir.
Burada müvafiq cədvəllərdə ixtisaslar üzrə qeydiyyatdan keçənlərin, imtahana gəlməyənlərin, qeyri-məqbul alanların, müsbət qiymət alanların sayı, həmçinin plan yerləri ilə tanış ola bilərsiniz.
Ümumi orta təhsil bazası üzrə qabiliyyət imtahanlarında isə fərqli dinamika müşahidə olunub. Qeydiyyatdan keçənlərin sayı 2025-ci ildəki 2 143 nəfərdən 2026-cı ildə 1 954 nəfərə enib. Bu, 189 nəfər və ya 8,8 faiz azalma deməkdir.
Bununla belə, müsbət nəticə göstərənlərin qeydiyyatdan keçənlərə nisbəti artıb. Belə ki, uğur faizi 2025-ci ildə 53,9 faiz olduğu halda, 2026-cı ildə 55,4 faizə yüksəlib. Bu isə abituriyent sayının azalmasına baxmayaraq, nəticələrin keyfiyyət baxımından müəyyən qədər yaxşılaşdığını göstərir.
Burada müvafiq cədvəllərdə ixtisaslar üzrə qeydiyyatdan keçənlərin, imtahana gəlməyənlərin, qeyri-məqbul alanların, müsbət qiymət alanların sayı, həmçinin plan yerləri ilə tanış ola bilərsiniz.