Təyyarə qəzasında xəsarət alanlardan daha birinin azərbaycanlı olduğu məlum oldu

26-12-2024, 10:25 - Cəmiyyət

İstintaq orqanları tərəfindən iki xəstənin şəxsiyyətinin müəyyən edilməsi istiqamətində iş aparılıb, onlardan birinin şəxsiyyəti müəyyən edilib, onun Azərbaycan vətəndaşı olduğu aydınlaşıb.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın Maqistau vilayətinin Akimatlığından bildirilib.

Qeyd edək ki, ötən gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb.

Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.

Qəzadan sonra xəstəxanaya 27 şəxs daxil olub. Onlardan 15 nəfər Azərbaycan Respublikasının, 8 nəfər Rusiya Federasiyasının, 3 nəfər Qırğızıstan Respublikasının vətəndaşıdır. Bir nəfərin şəxsiyyəti, hələlik müəyyən edilməyib.

Xəstəxanaya daxil olmuş şəxslərdən 11-i reanimasiya şöbəsində, 13-ü travmatologiya şöbəsində, 2-si neyrocərrahiyyə şöbəsində, 1-i isə cərrahiyyə şöbəsində müalicə alır. Həmin şəxslər Azərbaycan, Qazaxıstan və Rusiyadan ezam olunmuş peşəkar həkimlərin nəzarəti altındadır.

Təyyarənin ekipaj üzvlərindən hər iki pilot həlak olub, digər 3 nəfər sağ qalıb.