Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, İspaniyanın Pamplona şəhərində keçirilən məşhur San-Fermin festivalı çərçivəsində təşkil olunan öküz qaçışlarında bu il 57 nəfər xəsarət alıb.
Festivalın səkkizinci və sonuncu qaçışı zamanı çərşənbə axşamı 10 kişi müxtəlif dərəcəli xəsarətlər alıb. Bununla da builki festival ərzində xəsarət alanların ümumi sayı 57 nəfərə çatıb. Xəsarət alan 57 nəfər arasında beş əcnəbi də var: iki Böyük Britaniya vətəndaşı, bir avstraliyalı, bir amerikalı və sol qolundan buynuz zərbəsi alan bir Almaniya vətəndaşı.
Navarra muxtar hökumətinin məlumatına görə, yaralananlar arasında bud nahiyəsində dərin cırılmış yara alan 18 yaşlı iştirakçı və döş qəfəsi travması alan 46 yaşlı kişi də var. Daha səkkiz nəfər isə müxtəlif dərəcəli əzilmələrlə xəstəxanaya çatdırılıb.
Öküzlər ənənəvi 848,6 metrlik marşrutu – tövlədən şəhər arenasına qədər olan məsafəni 2 dəqiqə 25 saniyəyə qət ediblər.
Builki qaçışlarda dörd nəfər öküz buynuzundan xəsarət alıb.
1911-ci ildən statistika aparılmağa başlanandan bəri San-Fermin öküz qaçışlarında 16 nəfər həlak olub. Son ölüm hadisəsi 2009-cu ildə qeydə alınıb. Həmin vaxt öküz 27 yaşlı ispaniyalının boynunu, ürəyini və ağciyərlərini deşərək onun ölümünə səbəb olmuşdu. Bu hadisə milyonlarla insanın maraqla izlədiyi ənənənin hələ də son dərəcə təhlükəli olduğunu xatırladır.