Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, Fransa Futbol Federasiyasının mətbuat xidməti milli komandanın yeni baş məşqçisinin Zinəddin Zidan olduğunu açıqlayıb. Mütəxəssislə 2030-cu ilədək nəzərdə tutulan müqavilə imzalanıb.
Fransa millisi 2026-cı il dünya çempionatındakı çıxışını Didye Deşamın rəhbərliyi altında başa vurub. Deşam turnirin başa çatmasından sonra vəzifəsindən ayrılacağını daha əvvəl bəyan etmişdi.
Dünya futbolunun əfsanəsi olan "Zizu" 2021-ci ildən bəri məşqçi kimi fəaliyyət göstərmirdi. O, daha əvvəl iki dəfə Madridin "Real" klubuna rəhbərlik edib: ilk dəfə 2016–2018-ci illərdə, ikinci dəfə isə 2019–2021-ci illərdə. Onun rəhbərliyi altında Madrid təmsilçisi 11 titul qazanıb, o cümlədən ardıcıl üç mövsüm UEFA Çempionlar Liqasının qalibi olub.
"Bu mənim üçün arzumun gerçəkləşməsidir. Son dörd-beş il ərzində məhz bu günü gözləyirdim və indi bu, həqiqətə çevrilib. Siz bunu görə bilmirsiniz, amma mən çox həyəcanlıyam. Bu, mənim üçün çox xüsusi və dərin məna daşıyan bir məqamdır. Fransa millisi "Real Madrid"dən sonra rəhbərlik etmək istədiyim yeganə komanda idi", – deyə Fransa millisinin sabiq yarımmüdafiəçisi keçirdiyi hisslərdən danışarkən həyəcanını gizlədə bilməyib.
54 yaşlı Zidanın rəhbərliyi altında Fransa millisinin ilk oyununun UEFA Millətlər Liqasında Türkiyə ilə səfər qarşılaşması olacağı gözlənilir. Bundan sonra Fransa oktyabrın 2-də "Stad de Frans" stadionunda İtaliyanı qəbul edəcək.
14 il Fransa millisinə rəhbərlik edən Deşam millini 2018-ci il dünya çempionluğuna, 2020-2021-ci illər UEFA Millətlər Liqasının qalibliyinə, həmçinin AVRO-2016 və 2022-ci il dünya çempionatının finalına çıxarıb.
Deşam və Zidan uzun illərdir komanda yoldaşı olublar. Onlar 1998-ci ildə Fransada keçirilən dünya çempionatında qalib gələn yığmanın heyətində birlikdə çıxış ediblər. Zidan həmin tarixi qələbədə həlledici rol oynayıb və elə həmin il "Qızıl top" mükafatına layiq görülüb.