Prezident İlham Əliyev Tiencində "China Energy Engineering Corporation Limited" şirkətinin rəhbəri vəzifəsini icra edən Ni Cen ilə görüşüb

31-08-2025, 13:40 - Siyasət

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 31-də Çinin Tiencin şəhərində "China Energy Engineering Corporation Limited" ("Energy China") şirkətinin prezidenti və sədri vəzifəsini icra edən Ni Cen ilə görüşüb.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, görüşdə ölkəmizlə, həmçinin SOCAR ilə bu şirkət arasında alternativ və bərpaolunan enerji layihələrini əhatə edən səmərəli əməkdaşlıqdan məmnunluq bildirildi.

Bu xüsusda, "Energy China"nın yaşıl enerji sahəsində, o cümlədən Azərbaycanda günəş elektrik stansiyalarının, dənizdə külək enerjisi stansiyalarının tikintisi sahəsində əməkdaşlığı vurğulandı.

Ni Cen ölkəmizdə yeni layihələr, o cümlədən tullantı sularının təmizlənməsi, emalı və təkrar istifadəsi, su ehtiyatlarının idarə edilməsi ilə bağlı əməliyyatların optimallaşdırılması, həmçinin su hövzələrində fotovoltaik elektrik panellərinin birgə inşası layihələrini həyata keçirməkdə maraqlı olduqlarını bildirdi.