Böyük Britaniya Kralı III Çarlzın ABŞ-yə dövlət səfəri, Vaşinqtonda jurnalistlər üçün keçirilən qəbulda baş verən atışmaya baxmayaraq, planlaşdırıldığı kimi davam edəcək.
Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Bukinqem Sarayının nümayəndəsi bildirib.
"Gün ərzində Atlantik okeanının hər iki tərəfində aparılan müzakirələrdən və hökumətin məsləhəti ilə Əlahəzrətlərinin Dövlət Səfərinin planlaşdırıldığı kimi davam edəcəyini təsdiqləyə bilərik", - deyə o bildirib. Qeyd olunub ki, monarx və onun həyat yoldaşı Kraliça Kamilla "səfərin təşkili üçün belə sürətli tempdə çalışan hər kəsə son dərəcə minnətdardırlar".
Qeyd edək ki, III Çarlz aprelin 27-dən 30-dək ABŞ-a dövlət səfəri edəcək. Onun Konqresdə çıxış etməsi və Ağ Evdə ABŞ Prezidenti Donald Tramp tərəfindən qəbul edilməsi gözlənilir.