İran Tehranın ABŞ ilə müharibənin başlanmasından etibarən nəzarətə götürdüyü strateji dəniz yolu olan Hörmüz boğazı yaxınlığında "qadağan olunmuş zona" elan etməyə hazırlaşır.
Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bunu bazar günü İran Milli Təhlükəsizlik Ali Şurasının katibi bildirib.
"Yaxın günlərdə Hörmüz boğazının xaricində qadağan olunmuş zona elan ediləcək. Bu zona ABŞ Hərbi Dəniz Qüvvələrinin blokada xəttindən başlayacaq və körfəzin müəyyən hissələrini əhatə edəcək", – deyə Möhsün Rzayi dövlət televiziyasına açıqlamasında bildirib. "Bu yeni zonaya daxil olan istənilən gəmi sanksiya siyahısına salınacaq".
Son günlər, xüsusilə strateji əhəmiyyət daşıyan Hörmüz boğazında əsasən dənizdə baş verən qarşılıqlı hücumların yeni dalğasından sonra İran ABŞ-ni "daha intensiv" cavabla hədələyib. Avqust ayı zərbələrin nəzərəçarpacaq dərəcədə azalması ilə yadda qalsa da, avqustun 30-da Vaşinqtonun təşəbbüsü ilə hərbi əməliyyatlar yenidən başlayıb. Tehran isə fevralın sonunda ABŞ və İsrailin hücumu ilə başlayan münaqişənin ilk günlərindən olduğu kimi, cavab olaraq qonşu ölkələri hədəfə alıb.
Lakin cümə günündən etibarən tərəflər əsasən Körfəz bölgəsində, suda bir-birinə hücum edirlər. Burada dəniz nəqliyyatı hələ də ciddi şəkildə məhdudlaşıb. Buna səbəb Tehranın Hörmüz boğazını bağlaması və buna cavab olaraq ABŞ-nin İran limanlarına tətbiq etdiyi dəniz blokadasıdır.
Bazar günü səhər saatlarında Tehran Hörmüz boğazına "daxil olmağa cəhd edən" dəniz pilotsuz uçuş aparatına hücum etdiyini açıqlayıb. ABŞ-nin Yaxın Şərq üzrə Komandanlığının (CENTCOM) sözçüsü Tim Hokins isə buna "tamamilə yalan" deyə cavab verib. "Bu gün heç bir ABŞ gəmisi hücuma məruz qalmayıb", – deyə o bildirib.