Masallıda qaz təchizatında iki günlük fasilə olacaq

29-05-2025, 08:35 - Cəmiyyət

Mayın 29-30-da Masallı rayonunun bir sıra yaşayış məntəqələrində qaz verilişində fasilələr olacaq.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, Qəzvinoba kəndində küçə qaz xəttində aparılacaq təmir işləri ilə əlaqədar mayın 29-da saat 10:00-dan etibarən “Tüklə” qazpaylayıcı stansiyasından qidalanan Boradigah qəsəbəsi, Bədəlan, Babaser kəndləri və Türkoba kəndinin bir hissəsi daxil olmaqla ümumilikdə 2 700 abonentin qaz təchizatı müvəqqəti dayandırılacaq.

Bundan əlavə, Qəriblər kəndində yeni çəkilmiş qaz kəmərinin mənbəyə qoşulması səbəbindən mayın 30-da saat 10:00-dan etibarən Qəriblər, İsilər və Məmmədrzaküçə kəndlərində yaşayan 700 abonentin qaz verilişində fasilə yaranacaq.

Qaz təchizatının bərpası işlər tamamlandıqdan dərhal sonra həyata keçiriləcək.