İranın Şəhid Rəcai limanında baş verən partlayışda yaralıların sayı 1139 nəfərə çatıb

27-04-2025, 10:45 - Dünya

İranın Şəhid Rəcai Limanında baş verən partlayış nəticəsində yaralıların sayı 1139 nəfərə yüksəlib.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə İran hökumətinin sözçüsü Fatimə Mohacerani məlumat verib.

"Şəhid Rəcai Limanında vəziyyət nəzarət altındadır. Tibb müəssisələrində 1139 nəfər müalicə alır. Onların bir hissəsi hava yolu ilə Şiraz və Luristana aparılıb", - o, X-də yazıb.

XXX

08:55

İranın cənubundakı Bəndər Abbas şəhərində yerləşən Şəhid Rəcai dəniz limanında baş verən partlayış nəticəsində ölən və yaralananların sayı artıb.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə "Mehr" agentliyi məlumat yayıb.

Məlumata görə, hadisə nəticəsində 18 nəfər həyatını itirib, 800-dən çox şəxs isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Bildirilir ki, partlayışın dalğası çox güclü olub və nəticədə limandakı bir çox binalara, eləcə də ərazidəki avtomobillərə ciddi ziyan dəyib. Şəhərdə zərərçəkənlərin sayının artması səbəbindən transfuziya mərkəzi təcili qan toplanması kampaniyasına başlayıb.

XXX

00:21

İranda Bəndər Abbasdakı limanda baş verən partlayış nəticəsində ölənlərin sayı 14-ə çatıb.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə İranın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, limandakı yanğın yenidən alovlanıb və güclü külək onun yayılmasını sürətləndirib.

XXX

21:49

Bu gün İranın cənubunda yerləşən Hörmüzqan vilayətinin Bəndər Abbas rayonunun “Şəhid Rəcai” limanında baş verən partlayışdan sonra 6 nəfər itkin düşüb.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bunu İranın Hörmüzqan vilayəti polis rəisi Əli Əkbər Cavidan verdiyi açıqlamada deyib.

Onun sözlərinə görə, axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

Qeyd edək ki, bu gün günorta saatlarında Şəhid Rəcai limanında güclü partlayış baş verib. Partlayışdan sonra baş verən yanğını hələ də söndürmək mümkün olmayıb. Üstəlik yanğın daha da geniş vüsət alıb.

Əlavə edək ki, bugünkü partlayış nəticəsində 8 nəfər ölüb, xəsarət alanların sayı 750 keçib.

XXX

15:50

İranın cənubunda yerləşən Hörmüzqan vilayətində Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində yaralananların sayı 516 nəfərə yüksəlib.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bunu İranın Təcili Yardım Təşkilatının sözçüsü Babək Yektapərəst yerli mediaya deyib.

Onun sözlərinə görə, 60 nəfər “Şəhid Məhəmmədi” xəstəxanası, 45 nəfər “Seyyüdüş-Şühəda” xəstəxanası, 16 nəfər “Xatəmül-Ənbiya” xəstəxanası, 120 nəfər “Sahibəz-Zaman” xəstəxanası və 40 nəfər “Fars Körfəzi” xəstəxanasına yerləşdirilib.

Yektapərəst bildirib ki, Şiraz poliklinikasında 90 yer boşaldılıb və ehtimal olunan yaralılar üçün hazırlanıb.

İranlı rəsmi təcili yardım maşınlarının sayının 15-ə qədər artırıldığını və 4 ədəd təcili yardım avtobusunun hadisə yerinə ezam edildiyini bildirib.

xxx

14:31

Bu gün İranın cənubunda yerləşən Hörmüzqan vilayətində Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində indiyədək 195 nəfər xəsarət alıb.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bunu İranın Təcili Yardım Təşkilatının sədri Cəfər Miadfər yerli mediaya açıqlamasında deyib.

Onun sözlərinə görə, Şəhid Rəcai limanında partlayışdan dərhal sonra hadisə yerinə çoxlu sayda təcili yardım maşını göndərilib.

Qeyd edək ki, İranın Şəhid Rəcai limanında bu gün güclü partlayış baş verib. Partlayışdan sonra baş verən yanğın hələ də davam edir. Yanğının söndürülməsi ilə əlaqədar tədbirlər görülür. Hadisənin səbəbinin hələlik dəqiqləşdirilmədiyi bildirilir.

xxx

13:58

İranın cənubunda yerləşən Hörmüzqan vilayətinin Bəndər Abbas rayonunda Şəhid Rəcai limanında güclü partlayış baş verib.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə İran KİV-ə istinadən məlumat verib.

Hadisə ammonyak yüklü konteynerin partlaması nəticəsində baş verib.

Hadisə nəticəsində indiyədək 47 nəfərin xəsarət aldığı bildirilir.